Düriyyə Gülbaba qızı Rəhimova 1929-cu ildə Qubanın Qımıl kəndində anadan olub.

O, orta təhsilini Quba şəhərində alıb. Düriyyə dördüncü sinifdə oxuyarkən Quba şəhər xorunun solisti olmuşdur. O, orta məktəbi bitirdikdən sonra Quba Dövlət Pedaqoji Məktəbində təhsil almışdır. Düriyyə məktəb illərində rayon və respublika musiqi festivallarında iştirak edərək bir neçə dəfə birinci yerə layiq görülüb. Həmin zaman bəstəkar Asəf Mehmanla tanış olub, onun ilk mahnılarını ifa edib.

Düriyyə 1947-1959-cü illərdə respublika özfəaliyyət kollektivlərinin müsabiqəsində birinci yer qazanmışdır. Sənətkar Pedaqoji məktəbi bitirdikdən sonra uşaq evində müəllim işləyib. 1956-cı ildə Quba rayonunun Mədəniyyət Evinin direktoru olub.

O, 1960-cı ildə Quba Dövlət Dram Teatrına işə düzəlir. Həmin zaman sənətkar 30-dan çox rol ifa etmişdir. Lakin 1962-ci ildə teatr bağlandıqdan sonra Rəhimova Dağıstan Mədəniyyət Nazirliyinin dəvəti ilə ailəsi ilə birlikdə Dağıstana köçür. O, əvvəlcə radio komitəsində, sonra isə Süleyman Stalski adına Ləzgi Dövlət Teatrında işləməyə başlayır.

1989-cu ildə Düriyyə Rəhimova Ləzgi Teatrını tərk edərək uzun müddət Dərbənd Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Özü haqda belə deyərdi: “Mən həyatımı səhnəsiz təsəvvür etmirəm”.

Şair Bayram Səlimov Düriyyə Rəhimovanın səsinə heyran olaraq, onu “Ləzgilərin bülbülü” adlandırmışdır. Sənətkar 50-dən çox rol ifa edib. Onun ifa etdiyi bir çox mahnıları Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri və Dağıstan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin “Qızıl Fondları”na daxil edilmişdir.

Sənətkara 1965-ci ildə “Dağıstan Respublikasının Əməkdar artisti”, 1977-ci ildə isə “Dağıstan Respublikasının Xalq artisti” fəxri adları verilmişdir. 1986-cı ildə o, Xalqlar Dostluğu Ordeni ilə təltif olunmuşdur.

Düriyyə Rəhimova 29 mart 2014-cü ildə Dərbənddə vəfat edib.

İstinad edilən mənbələr: