1917-ci ilin sonundan başlayaraq Azərbaycanın qəzalarında, o cümlədən Quba qəzasında erməni daşnakları soyqırımlar törətməyi qərara aldılar. Həmin ilin dekabrında Bakıdan gələn döyüş drujinası Dəvəçidə (indiki Şabran) və Xaçmazda qiyamı yatırmaq adı ilə dinc əhaliyə qarşı soyqırım törətdi. Həmin drujinanın üzvləri bolşevik erməni daşnakları idi.
Quba qəzasında qırğın törədən erməni polkovnik Muradyan oldu. Onun rəhbərlik etdiyi 2 000 nəfərlik erməni qoşunu cəbhəyə yollanır. Əslində isə bu qoşun cəbhəyə getməyib, Xudat stansiyasında dayanır. Bir neçə gündən sonra daşnaklar yerli əhaliyə divan tutmağa başlayırlar. Xaçmazın Həsənqala kəndinin əhalisi ermənilərə müqavimət göstərməyi qərara alır.
Azərbaycanın mərd bəylərindən biri İbrahim bəy Şıxlarlı 80 nəfərlə Qazmaların (indiki Yeni həyat kəndi) yaxınlığında daşnaklarla döyüşə başlayır. Lakin İbrahim bəy Şıxlarlı üçüncü gün ağır yaralanır və onun köməyinə Möhübəli əfəndi 200 döyüşçüsü ilə gəlir. Onlar düşməni geri çəkilməyə məcbur edirlər.
Hatəm ağa Cağarvinin və Əli bəy Zizikskinin dəstələri köməyə gələnədək Möhübəli əfəndi Həsənqala ətrafında düşmənin xeyli canlı qüvvəsini və bir topunu sıradan çıxarır. Ağır döyüşlərdə Hatəm ağanın dəstəsi ermənilərin qarşısını kəsir və onları irəliləməyə qoymur. Əli bəy Zizikski yaralandığından onun döyüş zonasını da Möhübəli əfəndi idarə edir.
Həsənqala ətrafında daşnaklar 600 əsgər, iki top və dörd pulemyot cəmləşdirmişdilər. Daşnakların canlı qüvvə və texnika sarıdan üstünlüyünə baxmayaraq, Möhübəli əfəndinin dəstəsi üç gün ərzində erməniləri darmadağın edir.
Daha çox itki verən Möhübəli əfəndi və Hatəm ağa daşnakları tədricən Gavdişan düzünə tərəf sıxışdırırlar. Nəticədə onlar polkovnik Muradyanın qüvvələrini darmadağın edib, onun 200 əsgərini əsir alırlar və Quba həbsxanasına salırlar.
İstinad edilən mənbələr:
- Müzəffər Məlikməmmədov. Qanlı Dərə. 1918-ci il Quba faciəsi. Bakı-2019.
- Məşhur ləzgilər haqqında bilmədiklərimiz. Möhübəli Əfəndi. -Samur.- 29.03.2007.
- Şahin Fazil. Quba tarixi. Bakı-2016.