Şirvanlı Gömrük Postunun rüşvət aldığına görə tutulan əməkdaşının məhkəməsi keçirilib. Bu barədə ShimalNews 25 may tarixində Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən məlumat verir.

Məlumata görə, inspektor Cavid Məmmədov Rusiyaya 11.500 ABŞ dollarını keçirmək üçün İlham Əsgərovdan bir dəfə 600 manat pul alıb. Növbəti səfərdə isə eyni məbləğ üçün 400 manat rüşvət alıb.

Eləcə də gömrük nəzarət postuna daxil olan avtomobilin yoxlama prosedurlarını sürətli icra etmək üçün Rəfail Şəriflidən 40 manat məbləğində pul alaraq, onu buraxıb.

Məhkəmədə C.Məmmədov elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib:

“Yoxlama zamanı maşında mühərrik və “PlayStation” “cosik”ləri var idi. Buna göz yummağım üçün 40 manatı mənə özü məcbur verdi, qəbul etdim. İkinci epizodda isə İlham Əsgərov adlı şəxs gömrük məntəqəsinə gəldi. Onun üstündə 11 min 500 ABŞ dolları var idi. O, bu pul vəsaitini Şirvanlı Gömrük Postundan Rusiyaya keçirməyə köməklik göstərməyimi xahiş etdi. Buna görə 200 manat və 400 manat pulu özü mənim kartıma köçürdü”.

Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin edilib.