Sumağallı (ləzgicə “Сумугъулар”) kəndi İsmayıllı rayonunda, Göyçay çayının sahilində, dağətəyi ərazidə yerləşir.

Kəndin adının mənşəyi və mənası ilə əlaqədar bir neçə fikir var. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində kəndin adının mənşəyi yaşayış məskəninin yerləşdiyi ərazidə çoxlu sumaq kollarının olması ilə əlaqələndirilir. Digər məlumata əsasən, kəndin adı ləzgi tayfası olan “Sumuğlar” sözündən götürülmüşdür.

Sumağallı İsmayıllı rayonunun qədim ləzgi kəndlərindən biridir. Onun tarixi e.ə. IV minilliyin ortalarına aid edilir. Bunu təsdiqləyən faktlar və eksponatlar Sumağallı kənd tam orta məktəbində fəaliyyət göstərən Tarix-Diyarşünaslıq muzeyində saxlanılır.

2013-cü ildə kəndin yaxınlığında, Göyçay çayı üzərində tikilmiş su elektrik stansiyasının açılışı baş tutub. Həmçinin kənddə 2018-ci ildə “Arzu” Qadın İnkişaf Qrupunun iştirakı ilə xalçatoxuma və şirniyyat sexinin açılışı olub.

İsmayıllıdan olan şair Mövlud Teymurun “İsmayıllı dağları” kitabında Sumağallı kəndinə həsr edilən “Buynuz, bir də Sumağallı” adlı şeiri də yer alıb.

1915-ci ilə aid olan “Qafqaz təqvimi”ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Sumağallı kəndində 107 nəfər yaşayırdı. 2009-cu ilin rəsmi məlumatına görə isə kəndin əhalisi 858 nəfər təşkil edib.

 

İstinad edilən mənbələr:

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
  • Ləzgi kəndi Sumağallı.-Samur qəzeti.-17.03.2016.-səh. 2.
  • Кавказский календарь на 1915 год. Тифлис-1914.
  • Mövlud Teymur. İsmayıllı dağları. Bakı-2015.
  • http://ismayilli-ih.gov.az/az/news/1954.html