Xaçmaz şəhərində keçirilən əmək yarmarkasında işaxtaranlara 200-dən çox peşəni əhatə edən 1380 boş iş yeri təklif olunub. Bu haqda 24 may tarixində ShimalNews Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.
Yarmarkada ən çox iş yeri turizm sektorunu təmsil edən şirkətlər tərəfindən təklif olunub. Kənd təsərrüfatı, xüsusilə bağçılıq sahəsi üzrə 300-dən çox vakansiya əmək yarmarkasına çıxarılıb. Yarmarkada çox işçi tələb olunan sahələrdən biri də tikinti sahəsi olub. Bu sahədə işaxtaranlara 120-dək vakansiya təklif edilib.
Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən şəxslərə isə peşə hazırlığı mərkəzlərində tədrisi həyata keçirilən kurslar təklif edilib.