İsmayıllı rayonunda gənc yük avtomobilinin altında qalıb. Bu haqda ShimalNews 24 may tarixində Unikal-a istinadən məlumat verir.

Yol-nəqliyyat hadisəsi bu gün saat 15 radələrində qeydə alınıb. Rayonun Aşıqbayramlı kənd sakini Teymur Mustafayev özünə məxsus QAZ-53 markalı yük avtomobilinə oğlu və qardaşı ilə birgə ot yığmağa gedib. Sürücünün maşını düz yerdə saxlamaması səbəbindən avtomobil qəflətən çökək əraziyə tərəf hərəkət edib. Bu zaman Teymurun 22 yaşlı oğlu Nicat avtomobilin arxa təkərinin altında qalıb.

Nicat Mustafayev ağır bədən xəsarətləri alıb. Yaralı təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.