Pir Qubanın Ağbil kəndində, köhnə qəbiristanlıqda yerləşir. Abidə XVI əsrə aidir və Şirvanşahlar dövrünə aid edilir. Burada vaxtilə üç türbə olmuşdur. Lakin onlardan biri sovet dövründə dağıdılıb. Hazırda ancaq ikisi mövcuddur.

Türbənin bir neçə xüsusiyyətləri var. Onlardan biri türbənin xaricdən səkkizbucaqlı, içəri tərəfdən isə dördbucaqlı olmasıdır. Digər cəhəti isə o zaman Şirvan abidələrində, ümumiyyətlə, kərpic işlənməməsinə baxmayaraq, burada binanın əsas hissəsinin kərpicdən inşa olunmasıdır.

Sökülən türbə haqqında Paşa Yaqubun “Övliyalar ensiklopediyası” kitabında belə bir hekayə var: “… otuzuncu illərdə əsgərləri gətirib, günbəzin birini sökdürürlər və kərpiclərini başqa bir binanın tikintisi üçün maşına yükləyirlər. Lakin nə qədər cəhd etsələr də, maşın yerindən tərpənmir. Sonda əlacsız qalıb, kərpici yerə boşaldırlar. Əsgərlərə əmr verən şəxs isə həmin yerdə infarkt keçirir…”.

Birinci məqbərə düzbucaqlı formadadır və kitabəsizdir. Digəri isə “Şeyx Məzyad” türbəsidir. Onun üzərindəki kitabədə türbənin 1530-cu illərdə Şirvanşah II Xəlilullah (1524-1535) zamanında Şeyx Məzyad adlı şəxsin şərəfinə tikildiyi göstərilib.

Dağılmış üçüncü türbə haqqında Rusiya Peterburq Akademiyasının akademiki B.Dorn məlumat vermişdir. Türbənin kitabəsində hicri-qəməri təqvimi ilə 940-cı (1533) ildə tikildiyi qeyd edilmişdir. O, həmçinin türbənin üzərindəki kitabənin surətini köçürmüşdür. Orada bu sözlər həkk olunmuşdur: “… Bu bina sultan oğlu sultan, Sultan Xəlilullah – Allah onun dövlət və səadətini əbədiləşdirsin – zamanında, Allahın rəhmətinə getmiş, günahları bağışlanmış, xoşbəxt şəhid Şah Murad b. Şeyx Məzyad b. Xacə b. Şeyx Bayazid – Allah onu və bütün möminləri bağışlasın – üçün doqquz yüz qırxıncı (1533-1534) ildə tikilmişdir”.

B.Dorn başqa bir kitabə haqqında da məlumat verib. Kitabədə “1446 (1447)-cı il” və “usta Tacəddin” adı qeyd olunmuşdur. Bu kitabədə, həmçinin Şirvanşah II Xəlilullah vaxtında yaşayıb fəaliyyət göstərmiş Şeyx Məzyadın, Şeyx Bayəzidin, sufi Rəfiəddinin və şəhid Şah Muradın adları çəkilir.

İstinad edilən mənbələr:

  • Azərbaycan Sovet Ensiklopediyası. I cild. Bakı-1978.
  • Azərbaycan Milli Ensiklopediyası. Bakı-2007.
  • Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-2010.
  • М.А. Казиев. Азербайджан. Исторические и дополнительные места. Баку-1960.
  • А. В. Саламзаде. Архитектура Азербайджана. XVI-XIX вв. Баку-1964.
  • Fariz Xəlilli. Tarixi yerlər və abidələr. 1-ci Beynəlxalq Quba simpoziumu. Bakı-2020.
  • Paşa Yaqub. Övliyalar ensiklopediyası. Bakı-2020.
  • Şahin Fazil. Quba tarixi. Bakı-2016.
  • Quba və qubalılar. Bakı-2012.
  • http://www.anl.az/down/meqale/baki_xeber/2016/iyul/501481.htm