“Əski və Çağdaş Quba” filminin çəkilişlərinə start verilib. Bu barədə ShimalNews 23 may tarixində Qafqaz TV-yə istinadən məlumat verir.
Filmdə Qubanın tarixi, turizm potensialı, kənd təsərrüfatı, bu günü və əsrarəngiz təbiəti ilə bağlı düşüncələr yer alıb. Bunun üçün bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr alınıb. Bəzi tarixi hadisələrin peşəkar aktyorlar tərəfindən səhnələşdirilməsi də nəzərdə tutulub.
Belə bir sənədli filmi ərsəyə gətirmək üçün həm də olmuş hadisələri və gerçək həyatı lentə almaq tələb olunur. Bu məqsədlə əslən qubalı ziyalılarla görüş keçirilib.
İştirakçıların sırasında Ağsaqqallar şurasının sədri İldırım Məmmədov, RİH yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Qusarçaylı və Ağsaqqallar şurasının üzvləri: Mehman İbrahimov, Səfər Bayramov və Fərman Seyidov olublar.
Onlar filmin ssenarisi ilə tanış olub, ssenaridə bəzi dəyişikliklərin və əlavələrin olunmasını təklif ediblər. Yaradıcı birlik çəkiliş müddətində daha bir neçə dəfə belə görüşlərin keçirilməsini nəzərdə tutub.
Bu proses Rayon İcra Hakimiyyətinin sifarişi və maddi dəstəyi ilə Qafqaz TV tərəfindən həyata keçirilir.