İsmayıllı şəhərində şəhid Aqil Mirzəliyevin ailəsi ziyarət edilib. Bu haqda ShimalNews 23 may tarixində Azərtac-a istinadən məlumat verir.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ailəyə baş çəkib. Ziyarət zamanı Aqil Mirzəliyevin vətənpərvərliyindən, həmçinin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Onun xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da qayğı ilə əhatə olunacağı vurğulanıb.

Qeyd edək ki, şəhidin ailəsi zəruri sosial dəstək tədbirləri ilə əhatə olunmaqla yanaşı, sosial ödənişlərlə də təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidimizin ailəsi 2 otaqlı mənzillə təmin olunub.

Aqil Mirzəliyev – 1999-cu ildə İsmayıllı rayonunda anadan olan igid 3-cü dərəcəli “Rəşadət“ ordeni, “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, ”Füzulinin azad olunmasına görə”, ”Kəlbəcərin azad olunmasına görə” və ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.