Sərkərtəpə yaşayış yeri Xaçmaz rayonunun Sərkərli kəndində yerləşir. Vaxtı ilə bura “Sərkər qışlağı” adlanmışdır. Yaşayış yeri dünya əhəmiyyətli abidədir və tunc dövrünə aid edilir.
Ərazinin əlverişli coğrafi mövqeyi e.ə. III minillikdə qədim tayfaların burada məskunlaşmasına şərait yaratmışdır.
Burada saman qarışığı olan çiy kərpicdən tikilmiş dairəvi planlı yaşayış binasının qalıqları aşkar olunmuşdur. Bütün evlərin içərisində gildən düzəldilmiş dairəvi formalı, yuxarıya doğru bir qədər genişlənən ocaq yerləri qeydə alınmışdır. Evlərin döşəməsinə çiy kərpic düzülmüş, gillə suvanmışdır.
Yaşayış yerinin üst qatı ərəblərin Azərbaycana basqınları dövrünə (VIII əsr) təsadüf edir. Ehtimal edilir ki, burada yaşayış XIII əsr monqol-tatar işğallarına qədər olmuşdur və həmin zaman bu qatı təşkil edən ərazilər əhali tərəfindən tərk edilmişdir.
Burada 1982-1986-cı illərdə aparılmış qazıntılar zamanı bu abidəyə aid yaşayış binalarının memarlığını müəyyən dərəcədə bərpa etmək mümkün olmuşdur.
İstinad edilən mənbələr:
- Vəli Baxşəliyev. Azərbaycan arxeologiyası. I cild. Bakı-2006.
- Nizami Xudiyev. Xaçmaz: görüşlər, düşüncələr. Bakı 2014.
- Qələmşah İdrisov. Xaçmaz toponimləri. Bakı-2011.
- https://www.e-qanun.az/framework/2847#_edn1