Xaçmaz avtovağzalında kassadan istifadə edilmir, sürücülər biletin qiymətindən artıq pul alır, Bakıya gedən avtobuslar qrafik üzrə işləmir. Bu barədə ShimalNews 20 may tarixində Azərtac-a istinadən məlumat verir.

Gün ərzində Bakı, Quba, Şabran, Xudat istiqamətlərində və şəhərin daxilində avtobuslar işləyir. Avtovağzalın inzibati binasında gözləmə zalı və kassalar sərnişinlərə xidmət göstərmir.

Bakıya gedən sərnişinlər avtobuslarda bilet almadan əyləşirlər. Gedişatın qiyməti 4 manat 70 qəpik olsa da, sürücülər sərnişinlərdən 5 manat alırlar və yalnız oturacaqlar tam dolanda yerlərindən tərpənirlər.

Avtovağzalın xətt nəzarətçisi bildirdi ki, əslində kassa inzibati binada yox, həyətdəki kiçik ofislərin birində yerləşir.

“Biz bilet üçün müraciət edənlərə satırıq. Öz qiymətinə. Əlavə pul alınmır. Vətəndaşların bizdən şikayəti yoxdur. Gəlsinlər, onlara bilet sataq”, – deyə kassir Minirə Hüseynova bildirir.

Avtovağzaldakı çatışmazlıqlarla bağlı xətt nəzarətçisi Pərviz Xocəstə deyir ki, gün ərzində Bakı şəhərinə 5-6 avtobus yola düşür, tələbat olanda onların sayı artırılır. Elə sərnişinlər var ki, bilet istəmirlər. Amma satış təşkil olunur.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi araşdırma aparılacağını bildirib. Rəsmi şikayət təqdim edilsə, avtovağzal cərimələnəcək.