Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Xaçmazda sakinləri qəbul edib. Bu haqda məlumatı Shimalnews bu gün, 20 may tarixində Agentliyə istinadən verir.
Sukanal sahəsinin inzibati binasında keçirilən görüşdə Xaçmaz, Şabran və digər rayonlardan olan vətəndaşlar iştirak ediblər. Görüş zamanı sədr qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Müraciətlər, əsasən, suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, uzun müddət işlənmiş subartezian quyularının təmiri və bərpası, şəxsi təsərrüfatlarda olan subartezian quyularının balansa götürülməsi, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.