Qubanın Nizami parkında olduqca təhlükəli bir vəziyyət hökm sürür. Bu haqda məlumatı Shimalnews bu gün, 20 may tarixində Real TV-yə istinadən verir.
Parkda təhlükəni yaradan isə 100-ə yaxın yaşı olan bir ağacdır. Qurumasa da, gövdə hissəsi tamamilə oyulan ağac hər an aşma təhlükəsi ilə üz-üzədir. Elə valideynlər və digər yerli sakinləri də ən çox bu narahat edir.
Məsələ ilə bağlı Quba bələdiyyəsinin sədrinin köməkçisi Azad Daşdəmirov bildirdi ki, məsələdən xəbərdardırlar və hətta ağacı kəsməyə hazırdırlar. Lakin bunun üçün ETSN-in rəyi olmalıdır. Baxmayaraq ki, Quba bələdiyyəsi tərəfindən bir aydan artıqdır Nazirliyə rəsmi müraciət edilib, hələ də cavab gəlməyib.
Məsələ ilə bağlı 5 saylı regional ETSN idarəsindən isə bildirildi ki, artıq bir neçə gün öncə nazirlik tərəfindən təhlükəli ağacla bağlı rəy verilib. Ağacın yaş kök üstündə olması səbəbindən kəsilməsi məqsədə uyğun olmasa da, budanmasına icazə verilib. Həmin rəy tezliklə Quba bələdiyyəsinə göndəriləcək.