Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının dəstəyi ilə Xaçmaz şəhərində əmək yarmarkası keçiriləcək. Bu haqda məlumatı bu gün, 20 may tarixində Agentliyə istinadən veririk.
Yarmarka Bakı prospekti, 83-də yerləşən Xaçmaz Olimpiya İdman Kompleksində 23 may saat 11:00-da başlayacaq. Tədbirdə Quba, Qusar və Xaçmaz üzrə 38 müəssisə tərəfindən 1351 vakansiyanın təqdim olunması gözlənilir.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.