Xaçmazlı şəhid Orxan Osmanovun anasına qarşı dələduzluq edən şəxs axtarışa verilib. Bu barədə ShimalNews 19 may tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Xudatda yaşayan Yeganə Şahbazovanın sözlərinə görə, ona qarşı bu əməli Səxavət Mirzəyev törədib. Həmin şəxs Orxanın ögey dayısıdır və Mürşüdoba kəndində yaşayır. O, 2021-ci ildə qadının etibarından sui-istifadə edərək, “Kapital Bank”ın Xaçmaz rayon şöbəsindən 8.000 manat kredit götürüb:

“Səxavət mənə dedi ki, YAŞAT fondundan mənə 8000 manat yardım edilib, gedək, imza at, pulu götür. Mən də inanıb, gedib, bankda verilən sənədi imzaladım. Sonradan bilmişəm ki, Səxavət məni aldadıb. Pulu YAŞAT fondu göndərməyib, mənim adıma özünə kredit alıb.”

Eləcə də Səxavət gələcəkdə şəhid anasına mənzil düzəldəcəyi və digər məsələlərlə bağlı yardım edəcəyini deyərək, ayrı-ayrı vaxtlarda 10.000 manat pulunu da mənimsəyib.

“Kartım da əvvəl onda qalmışdı. Guya YAŞAT fondundan göndərilən pulu alıb mənə verəcəkdi. Ona inanmışdım. Adıma aldığı kreditə görə, hər ay 245 manat mənim vərəsəlik pulumdan çıxılır. Qızım tələbədir, Bakıda oxuyur, mən çox çətinliklə qızımı oxuduram, oğluma görə verilən pulun əsas hissəsi kreditə çıxıldığından çox korluq çəkirəm”, – deyə Y.Şahbazova bildirib.

Şəhid anası Xaçmaz Rayon Məhkəməsinə müraciət edib. Amma S.Mirzəyev heç bir məhkəmə prosesinə gəlməyib. Onun barəsində həbs qəti imkan tədbiri seçilib. Polis tərəfindən axtarış elan edilib.