Quba rayonunda yerləşən uşaq bağçasında ilanlar yuva salıb. Bu haqda ShimalNews 19 may tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Söhbət Alekseyevka kəndindəki 17 saylı Körpələr Evi – Uşaq Bağçasından gedir. Bağçanın müdiri Səadət Hüseynovanın sözlərinə görə, Uşaq Bağçası 1939-cu ildə inşa edilmiş köhnə, qəzalı binada yerləşir.

“İlanlar elə əsas korpusun divarlarında görünür, vaxtaşırı otaqlara çıxır. İlanlarla mübarizəni özümüz aparırıq ki, uşaqları vurmasınlar”,- deyə müdir bildirib.

Səadət Hüseynova onu da qeyd edib ki, ilanların yuva salması ilə bağlı Quba-Xaçmaz Regional Elm və Təhsil Şöbəsinə məlumat verilib. Onların tapşırığı ilə bağça ərazisində və otaqlarda dezinfeksiya işləri aparılıb və qarşıdakı həftənin birinci günü də dezinfeksiya işləri davam edəcək.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev bildirib ki, yayılan video son 2-3 aydakı vəziyyəti əks etdirmir:

“Bağçanın ərazisində dezinfeksiya işlərinin və sürünənlərə qarşı digər tədbirlərin aparılmasından sonra ilanlara rast gəlinməyib. Hazırda bu istiqamətdə işlər davam etdirilir”.

Körpələr Evinə yeni binanın inşası üçün müraciət edilib-edilməməsi haqqında nazirliyin Qubadakı təsərrüfat hesablı tikinti və təchizat idarəsinin sektor müdiri Anar Həmidli bildirib:

“Regional idarədən soruşun, sifarişçi onlardır”.