Tofiq Tağı oğlu Rüstəmov 18 may 1936-cı ildə Quba şəhərində anadan olub.
O, 1953-cü ildə Quba şəhər 1 nömrəli orta məktəbini bitirib, sonra isə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub.
Rüstəmov ali təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra 1958-1960-cı illərdə “Uçitelskaya qazeta”nın Azərbaycan SSR üzrə xüsusi müxbiri kimi çalışıb.
Tofiq Rüstəmovun 1960-1970-ci illərdə respublikada xalq maarifinin inkişafı istiqamətində məktəb həyatına həsr olunmuş bir çox yazıları dərc edilib. 1964-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.
O, 1967-ci ildən indiki Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlayıb, BDU-nun Partiya-sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi, baş müəllimi işləyib. Rüstəmov 1979-cu ildə jurnalistika fakültəsinin dekanı seçilib, jurnalistikanın aktual məsələləri üzrə bir sıra Ümumittifaq konfranslarında iştirak edib. O, baş müəllim, dosent, 1987-ci ildən isə Tərcümə, televiziya və radio jurnalistikası kafedrasının professoru olub. 1988-1989-cu illərdə BDU partiya komitəsinin katibi vəzifəsində çalışıb.
1989-1990-cı illərdə Azərbaycan KP MK ideologiya şöbəsi müdirinin birinci müavini, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olub. 1990-1995-ci illərdə indiki “Xalq qəzeti”nin baş redaktoru vəzifəsində çalışıb.
Tofiq Rüstəmov tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. O, “Alovlarda bərkiyən qələm” monoqrafiyası, “Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi” dərs vəsaiti və digər əsərlərin müəllifidir. Rüstəmov bir neçə radiopyesin ssenarisinin müəllifidir. O, Bestujev-Marlinskinin “Molla Nur”, Lev Ginzburqun “O dünyada görüşlər”, Fridrix Dürrenmattın “Böyük Romul” pyesini və başqa əsərləri dilimizə tərcümə edib.
Tofiq Rüstəmov Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına və Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülmüşdür.
Tofiq Rüstəmov 20 yanvar 1998-ci ildə vəfat edib.
İstinad edilən mənbələr:
- Şahin Fazil. Quba tarixi. Bakı-2016.
- Quba və qubalılar. Bakı-2012.
- https://525.az/news/142274-tofiq-rustemov-temennasizligi-musellim-hesenov-yazir
- https://modern.az/news/240379/