Şabranda 20-yə yaxın insan quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb. Bu barədə ShimalNews 17 may tarixində məlumat verir.

Aprel ayının sonunda Qorğan kəndində Coşqun Piriyevin təsərrüfatına çaqqallar hücum edib. Fermer yaralı qoyunların ətini itlərinə verib.

Bir müddət sonra fermada qoyunlardan 3-ünün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib. Həmin əti özü və ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıqda istifadə edib. Onlar özlərində narahatlıq hiss etməyiblər.

Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb. 36 baş qoyundan 10-u tələf oduğuna görə, dövlət qurumlarına müraciət edilib. Ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib.

Qonaqlıqda olan şəxslər həkimin nəzarətindədirlər və heç birində hər hansı bir narahatlıq müşahidə olunmayıb. Onlara Şabran Rayon Mərkəzi Xəstəxanasında quduzluq əleyhinə vaksin vurulub və evə buraxılıblar.