İsmayıllının qədim kəndlərindən birində yolların təmiri sakinlərə əngəl yaradıb. Bu barədə ShimalNews 17 may tarixində Apa TV-yə istinadən məlumat verir.

Bu hal Topçu kəndində uzun müddət davam edir. Sakinlər bildirirlər ki, onların yolu təmir adı ilə qazılıb və işlər yarımçıq saxlanılıb. İndi nə rayona getmək mümkündür, nə də kəndə qayıtmaq. Palçıq və toz-duman hərəkəti çətinləşdirib. Yaradılmış vəziyyətlə bağlı müvafiq qurumlara dəfələrlə müraciət edilib, cavab olaraq, hər dəfə müxtəlif bəhanələr gətirilib.

Məsələ ilə bağlı icra nümayəndəsi əvəzi Heydər Seyidov açıqlama verib. O bildirib ki, uzunluğu 2.4 km olan bu ərazidə təmir İsmayıllı Yol İdarəsi tərəfindən həyata keçirilir. Əsas texnikalardan biri olan qreyderdə nasazlıq yarandığından və narın qum qıtlığı səbəbindən işlər ləngiyir. Gələn həftə prosesin davam ediləcəyi gözlənilir.