Bahadur İsaq oğlu Qaçabəyov 1943-cü ilin mayında Qusar rayonunun Əcəxur kəndində anadan olub.
O, 1960-cı ildə “Qızıl Qusar” (indiki “Qusar”) qəzetində işə başlamışdır.
Bahadur 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Burada o, aqronom-iqtisadçı ixtisası üzrə təhsil almışdır. Bundan sonra jurnalist Bakı Ali Partiya Məktəbinə (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında fəaliyyət göstərən ali məktəb) göndərilmiş, 1972-ci ildə isə buranı fərqlənmə diplomu ilə bitirmişdir.
Bahadur Qaçabəyov “Qızıl Qusar” qəzetində adi mətbəə işçisindən tutmuş bütün vəzifələrdə çalışmışdır. 1978-ci ildə isə o, bu qəzetin redaktoru təyin olunmuşdur.
Bahadur 1982-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatını almışdır. 1989-cu ildə isə o, kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə, Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
Jurnalist 1996-cı ildə “Kamil sənətkar” fəxri diplomu, 1997-ci ildə isə “Qusar” qəzetinin 65-illik yubileyində “Həsənbəy Zərdabi” adına mükafatla təltif edilmişdir.
O, bütün ömrünü jurnalistikaya, mətbuata və “Qusar” qəzetinə həsr etmişdir.
Bahadur Qaçabəyov uzun sürən xəstəlikdən sonra 4 fevral 1998-cü ildə vəfat edib.
İstinad edilən mənbələr:
- Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
- Qusar qəzeti.- Bahadur İsaq oğlu Qaçabəyov.- 7 fevral 1998.
- Davudov B.B. Ələsgərov B.A. Muradağayev M.S. Qusarın şanlı övladları. Bakı-2005.
- https://www.gusarpress.net/254-gaezetimizin-naeshrae-bashlamasnn-80-illiyi-geyd-edildi/