Xaçmazda təsərrüfatçılar ilk çiyələyi sahələrdən yığmağa başlayıblar. Bu barədə ShimalNews 15 may tarixində Azərtac-a istinadən məlumat verir.
“Bizim təsərrüfat rayonun Rəhimoba kəndində yerləşir. Yeni salınan meyvə bağlarının arasında qalan boş torpaqda çiyələk becəririk. Avqust ayında çiyələk şitillərini əkmişik. Artıq məhsul toplayırıq. Doqquz ay qulluq edir, 20 gün məhsulu yığırıq. Gəlirli sahədir. Həm də ən birinci yetişən məhsullardandır. Bizim müştərimiz məhsulu topdansatış qiymətə sahədən alır. Ötən il də, bu il də 2,50 manata satmışıq. Bizim çiyələk açıq sahədə, həm də gübrəsiz yetişdiyi üçün dadlı olur. Həm yemək, həm də mürəbbə bişirmək üçün uyğundur ”, – deyə təsərrüfatçı Fəxrəddin Həsənov bildirib.
Xaçmazda çiyələyin “Viktoriya” növünü becərməyə daha çox üstünlük verilir. Bunun əsas səbəbi bu növün həm məhsuldar, həm də satış üçün əlverişli olmasıdır.
Xaçmaz rayonunda 100 hektardan çox çiyələk sahəsi var. Hər il burada 150 tondan çox məhsul toplanılır. Yeni salınan çiyələk sahələri damlama üsulu ilə suvarılır. Bu halda həm suya qənaət olur, həm də yetişən çiyələklərin çürüməsinin qarşısı alınır.