Əbu Müslim (Müslüm) məscidi Quba rayonunun Cek kəndində yerləşir. İbadət evinin inşa tarixi dəqiq məlum olmasa da, ehtimal edilir ki, məscid VIII əsrdə tikilib.
İbadətgah birmərtəbəlidir. Şıxəli Muradov adlı kənd sakininin sözlərinə görə, burada eyni vaxtda 40 nəfər namaz qıla bilər. Lakin hazırda məscidin istifadəyə yararlı olan hissəsinin tutumu 16 nəfərlikdir. İbadət evinin damı taxta sütunlar üzərində artırılıb.
Cek kəndinin Əbu Müslim məscidi sovet dövründə dağıdılmışdır. İbadətgahın daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilmişdir. Buna baxmayaraq, 1988-ci ildə Şıxəli Muradov adlı kənd sakininin təşəbbüsü və başqa sakinlərin köməkliyi ilə məscid qismən bərpa edilmişdir.
Əbu Müslim əl-Xorasani Əməvilər sülaləsinə (661-750) qarşı hərəkatın rəhbəri və Abbasilər xilafətinin inqilabının lideri olmuşdur. Ehtimal edilir ki, o, həmçinin Babəkin babası olub. Əbu Müslim əl-Xorasani VIII əsrdə Şirvanı və Dağıstanı ələ keçirib, İslamı yaymışdır.
Eyniadlı ibadət evləri, həmçinin Qubanın Xınalıq və Qrız kəndlərində mövcuddur.
İstinad edilən mənbələr:
- Şahin Fazil. Quba tarixi. Bakı-2016.
- Tərxan Paşazadə. Əbu Müslim məscidi.- “Cəmiyyət və Din” qəzeti. 8-14 avqust 2013.
- https://www.encyclopedia.com/reference/encyclopedias-almanacs-transcripts-and-maps/abu-muslim/
- https://www.youtube.com/watch?v=s-Y0me-tlAk
- http://samurpress.net/story.php?sid=2845
- https://millikimlik.az/2022/5885/