Qəhrəman Mehrab Söhrab oğlu Niftəliyev 13 may 1985-ci ildə Quba rayonunun Qamqam kəndində anadan olub. O, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri, kəşfiyyatçı-istehkamçı idi.
Niftəliyev 1992-2003-cü illərdə Quba rayon Mübariz Abdullayev adına QamQam kənd orta məktəbində təhsil alıb. 2003-cü ildə isə müddətli hərbi xidmətə yollanıb. 2005-ci ildən 2020-ci ilə qədər Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi xidmət edib.
Xidməti dövründə müxtəlif hərbi əməliyyatlarda uğurla iştirak edib. Mehrab Niftəliyev 2016-cı il Aprel döyüşlərində də yüksək şücaət göstərib, xidmətlərinə və şücaətlərinə görə dəfələrlə medal və diplomlarla təltif olunub.
Mehrab Niftəliyev 44 günlük müharibənin iştirakçısı olub. O, hər zaman üstündə bayraq gəzdirirdi. Niftəliyev Cəbrayılda ilk bayrağı qaldıran qəhrəmanımızdır. O, həmçinin Şuşaya ilk daxil olan hərbçilərdən biri idi. Mehrab Niftəliyev erməni dilini bildiyi üçün hərbi əməliyyatlar zamanı düşmənin bir neçə hərbçisini əsir götürməyi bacarıb.
Niftəliyev 2020-ci il noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə sol ayağından artilleriya qəlpə yarası alıb. Qəhrəman noyabrın 8-də Şuşada şəhadətə yüksəlib. Niftəliyev noyabrın 11-də Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Mehrab Niftəliyev ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. O, həmçinin “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
İstinad edilən mənbələr:
- https://azertag.az/xeber/Noyabrin_8_de_Susada_sehadete_yukselen_Veten_Muharibesi_Qehremani_Mehrab_Nifteliyev-1920678
- https://respublika-news.az/news/mehrab-sohrab-oglu-nifteliyev
- https://mod.gov.az//images/pdf/529dc1208d8d99ad06e046a0392ba41c.pdf
- https://ikisahil.az/post/185732-mehrabi-veten-olan-mehrab-foto