Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Xaçmazda sahibkarlıq subyektlərinə bir sıra xidmətlər göstərməyə başlayıb. Bu haqda 12 may tarixində ShimalNews agentliyə istinadən məlumat verir.

Kiçik və Orta Biznes Agentliyinin (KOBİA) Xaçmaz evində iriqabaritli yüklərin daşınması üçün icazələr, “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsinə start verilib.

Bundan əlavə, Xaçmaz şəhərində daşıyıcılar “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi və buraxılış kartları”nı təqdim edərək “İcazə” blanklarını KOB evlərində AYNA-nın əməkdaşlarından təhvil ala bilərlər.