Sosial şəbəkələrdə Qubada meşəbəyinin döyülməsi müzakirələrə səbəb olub. Bu haqda Shimal.news 8 aprel tarixində Qafqazinfo-ya istinadən xəbər verir.
İddia edilir ki, şəkli yayılan Şahin Qafarov adlı şəxsə ağacların kəsilməsinə etiraz etdiyi üçün xəsarətlər yetirilib.
“Hadisə ilə bağlı Şahin Qafarov Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Müvafiq tibbi ekspertiza təyin olunub. Quba RPŞ-də və Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib”, – DİN-in Mətbuat xidmətinin Quba regional qrupunun inspektoru Xəyal Talıbov bildirib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, şikayətçi Şahin Qafarovun iddiaları yerində yoxlanılıb və belə bir fakt qeydə alınmayıb. Araşdırmalar göstərir ki, hadisə Qafarovun Quba RMTM-də fəhlə işləyən qardaşı oğlu Orxan Qafarovla arasında olan ailə münaqişəsidir və meşə işçilərinə qarşı olan ittihamları da bununla əlaqəlidir.