Şirvanlı Gömrük Postunun əməkdaşının rüşvət aldığına görə məhkəməsi keçiriləcək. Bu barədə ShimalNews 1 aprel tarixində Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən məlumat verir.

İnspektor Cavid Məmmədovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı təqsirləndirilən şəxsin ayrı-ayrı vətəndaşlara gömrük nəzarət postundan keçid üzrə yoxlama prosedurlarının sürətli icra edilməsi, eləcə də pul vəsaitlərinin gömrük nəzarət postundan kənar keçirilməsinə köməklik göstərilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə yekun ittiham elan edilməklə C.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.