Bu gün şəhid Batdal Bayraxdarovun mövlud günüdür. Onun 21 yaşı tamam olacaqdı.

Batdal 2002-ci ildə Qubanın Ağbil kəndində, Axısqa türkü ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Türkiyə universitetlərindən birinin idman bölümünə qəbul olunsa da, atasının səhhətindəki problemlərə görə ali təhsil ala bilməyib. 18 yaşlı igidimiz Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib.

Cəbrayıl və Füzulinin azad olunması uğrunda savaşlarda fəal iştirak edən Bayraxdarov oktyabrın 10-da Füzuli şəhəri istiqamətində gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Batdal Bayraxdarov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilib.