İsmayıllının sıldırım qayaların üzərində yerləşən sirli Qırxotaq abidəsinin tanınmasına və bərpa olunmasına ehtiyac var. Bu barədə ShimalNews 29 mart tarixində Bizim.Media-ya istinadən xəbər verir.

“Bu sarayın dağılmasının əsas səbəbi Mustafa Xanın xəzinəsi ilə çox bağlıdır. Belə ki, Mustafa Xan bu sarayı tərk edib Cənubi Azərbaycana gedərkən onun haqqında ruslar arasında yayılmış bir şayiə olub ki, Mustafa Xanın xəzinəsi bu sarayda qalıb. Həmin xəzinəni tapmaq üçün ruslar bu binanı dəlik-deşik ediblər. Bundan sonra bu xəbəri eşidən yerli sakinlər də burada axtarış aparıblar. Nəticədə saray yararsız vəziyyətə düşüb”, – deyə tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu uzrə abidə mühafizəçisi Elnur Nurməmmədov bildirib ki, Qırxotaq sarayı tez-tez yerli və xarici qonaqların səfər etdiyi məkandır. Onlarla abidələrlə davranış qaydası və qorunması üçün maarifləndirici söhbətlər aparılır.

Bu qalaya yetişmək üçün Basqaldan keçərək Sulut kəndinə qədər avtomobillə, sonra isə 6 km yolu piyada getmək lazımdır. O, Hərəm çayının sağ sahilində, əlçatmaz  sıldırım qayaların üzərində yerləşir.

El arasında Hərəm qalası da adlandırılan Qırxotaq abidəsi 1795-ci ildən 1824-ci ilə qədər saray kimi fəaliyyət göstərib. Adına baxmayaraq, oradakı otaqların sayı 40-dan çox olub.

1820-ci ildə Mustafa xan buranı tərk etdikdən sonra 1824-cü ilə qədər Çar Rusiyasının adamları burada yaşayıblar. Onlar Şamaxıya köçəndən sonra tikili sahibsiz qalıb.

Mustafa Xanın İsmayıllıdakı sarayı viran qoyulub
 
Mustafa Xanın İsmayıllıdakı sarayı viran qoyulub