El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümüdür. Bu haqda 23 mart tarixində Shimalnews Azərtac-a istinadən xəbər verir.

Quzuqarnını meşəliklərdən martın ikinci ongünlüyündən başlayaraq cəmi 20-25 gün ərzində toplamaq olar. Bu göbələyin yığılması zövqlü məşğuliyyət olsa da, özünəməxsus çətinlikləri var. Quzuqarnının rəngi yarpaqlardan seçilmir. Buna görə də toplamaq asan deyil. Bir gün ərzində meşədən maksimum 2-4 kiloqram quzuqarnı toplamaq olar.

Bu il mart ayında yağış yağmadığından meşələrdə rütubətlilik azdır. Bu səbəbdən quzuqarnı əvvəlki illərə nisbətən az yetişib. Hazırda quzuqarnının bir kiloqramı 20-25 manata satılır.

“Hər il Novruz bayramı ərəfəsində meşələrdə quzuqarnı bitməyə başlayır. Əvvəllər meşələrdə lap çox bitirmiş. Yaşlı insanlar danışır ki, bir ağacın dibindən iki kiloqramadək quzuqarnı yığmaq olurdu. İndi isə o qədər quzuqarnı üçün 2-3 saat meşəni gəzib-dolaşmaq lazımdır. Biz hər il quzuqarnı yığdığımızdan onun daha çox bitdiyi yerləri bilirik. Meşədə, əsasən, qovaq ağaclarının altında bitir. Xaçmazda, Şabranda daha çox yığılır”, – deyə Coşqun İsmayılov söyləyib.

Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Bu göbələk qoyun ətindən bahadır. Bu isə onun yığılmasının çətin olması ilə əlaqədardır. Quzuqarnını bazardan və ya yolun kənarında səyyar satıcılardan almaq olar. Hər il mart-aprel aylarında Şabran rayonu ərazisində, Gəndob-Yalama yolunun kənarında quzuqarnı satanlara rast gəlmək mümkündür.

Quzuqarnı göbələyi
Azertag
Quzuqarnı göbələyi
Azertag