Yalama kəndi Xaçmaz rayonunda, Samur-Dəvəçi ovalığında yerləşir.

Kəndin adı XIX əsrin sonlarında buraya dəmir yolu xəttinin çəkilməsi ilə bağlıdır. Stansiya yaxınlıqdakı Yalama çayının adı ilə adlandırılmışdır. Sonralar burada ətraf yerlərdən gəlmiş ailələrin məskunlaşması nəticəsində stansiya yaşayış məntəqəsinə çevrilmişdir. Buna baxmayaraq, tarixçi-alim İmammirzə Şahbazov insanların bu əraziyə gəlişini eramızdan əvvəllərə aid edir.

Yalama coğrafi termin kimi “dəniz sahilində dalğanın qovduğu zolaq, ləpədöyən” deməkdir. Ehtimal edilir ki, “yalama” sözü mənşəcə qıpçaq tayfasına mənsub yalama tirəsinin adı ilə də bağlıdır.

Burada 1920-ci ildə Yalama döyüşü kimi tarixə düşən hadisə baş vermişdir. Aprelin 25-dən 26-na keçən gecə sovet ordusu Azərbaycanı işğal etmək məqsədilə Samur üzərindəki Qırmızı körpünü keçdi. Nəticədə Yalama stansiyasındakı iki saatlıq döyüşdə qüvvələr qeyri-bərabər olduğu üçün Azərbaycan ordusu məğlub oldu.

1930-1940-cı illərdə kənddə məktəblər tikilmişdir.

1947-ci ildə ayrı-ayrı şəxsi istifadədə olmuş sahələrin bazasında Yalama Meşə Təsərrüfatı təşkil olunmuşdur. 2001-ci ildən isə Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsi adlandırılmışdır.

1981-ci ildə kənddə 2030 nəfər yaşayıb. 2009-ci ilin rəsmi məlumatına əsasən, kəndin əhalisi 2436 nəfər təşkil edib.

 

İstinad edilən mənbələr:

  • Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. Bakı-2010.
  • Azərbaycan Sovet ensiklopediyası. V cild. Bakı-1981.
  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
  • Nizami Xudiyev. Xaçmaz: görüşlər, düşüncələr. Bakı-2014.
  • Qələmşah İdrisov. Xaçmaz toponimləri. Bakı-2011.