Gəndob-Yalama yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 18 mart tarixində Report-a istinadən məlumat verir.

Qəza martın 17-si axşam saatlarında Şabranın Ağalıq kəndi ərazisində qeydə alınıb. “KamAZ” markalı yük avtomobilinin təkəri partlayıb və o, qarşıdan gələn TIR avtomobilinə çarpılıb.

Məlumata görə, hər 2 avtomobilin sürücüsü vəfat edib. Onların Rusiya vətəndaşı, 37 yaşlı Nəriman Ramazanov və Şabran rayonu, Rəhimli kənd sakini, 51 yaşlı Ayaz İskəndərov olduğu müəyyən edilib. “KamAZ”da sərnişin olan Əmirxanlı kənd sakini Elçin Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.