Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkası keçirilib. Bu barədə ShimalNews 17 mart tarixində agentliyə istinadən məlumat verir.
Quba şəhərində 21 müəssisə tərəfindən 250 vakansiya təqdim edilib. Bu, əsasən, regionun əmək bazarının tələbatına uyğun olaraq, turizm, ictimai iaşə, aqrar, qida, səhiyyə, tikinti, bank, xidmət və təhsil sahələrini əhatə edib.
Eyni zamanda işsiz və işaxtaran şəxslərə Qarabağda iş imkanları da təklif edilib. “ArchiCO” MMC tərəfindən işğaldan azad olunan ərazilərdə aparılacaq quruculuq işlərində iştirak üçün rəngsaz, fəhlə, armaturçu və digər sahələr üzrə 50-dək boş iş yeri təqdim olunub.
Tədbirdə aşpaz və ingilis dili peşəsi üzrə hazırlıq kursunun açılışı olub. 34 nəfər işsiz təlimə cəlb olunub. Yekununda müdavimlərin işlə təmin olunması nəzərdə tutulub.
Yarmarkada, həmçinin iş üçün müraciət edən şəxslərin CV-ləri qəbul edilib. Özünüməşğulluq proqramından yararlanmaq istəyən vətəndaşların isə qeydiyyatı aparılıb.