Vaqif Arzumanlı 5 mart 1947-ci ildə Quba rayonunun Söhüb kəndində anadan olub.
Arzumanlı Xudat şəhərində orta məktəbi qızıl medalla bitirdikdən sonra 1964-1969-cu illərdə indiki BDU-nun filologiya fakültəsində təhsil almışdır. O, 1969-1973-cü illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun və Litva Elmlər Akademiyasının aspiranturalarında oxuyub.
Arzumanlı 1973-1991-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda böyük elmi işçi, eyni zamanda “SSRİ xalqları ədəbiyyatı” kafedrasında müəllim, Azərbaycan EA SSRİ Xalqlar Dostluğu Respublika Sarayında Ədəbi, mədəni və elmi əlaqələr şöbəsinin müdiri olub.
Vaqif Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitutunun direktoru işləyib. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsinə rəhbərlik edirdi. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktor müşaviri olub.
O, BDU-nun “SSRİ xalqları ədəbiyyatı”, “Türk və Şərqi slavyan xalqları ədəbiyyatı” kafedrasının professoru olmuşdur.
Arzumanlı ədəbi fəaliyyətə 1963-cü ildə “Azərbaycan pioneri” qəzetində dərc olunan “Ocaqçının söhbəti” oçerki ilə başlamışdır. O, Azərbaycan, rus və Litva dillərində yazıb-yaratmışdır. “Yaradıcılıq qardaşları” kitabını Litva dilində yazaraq, 1979-cı ildə Vilnüs şəhərində çap edib.
1989-1990-cı illərdə o, Azərbaycan Respublikası Prezident Aparatında milli məsələlər üzrə məsul işçi olmuşdur.
Arzumanlı 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1996-cı ildən isə Beynəlxalq İnformasiya Akademiyasının akademiki idi.
O, 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq elmi və publisistik məqalənin, 60-dan artıq elmi əsərin redaktoru və ön sözün müəllifidir.
Arzumanlı 2000, 2005 və 2010-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd kimi qeydə alınıb. Onun üç dəfə AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürülüb (2001, 2007, 2012).
Vaqif Arzumanlı 9 iyul 2014-cü ildə Xaçmaz rayonunun Nabran qəsəbəsində vəfat edib.
İstinad edilən mənbələr:
- Quba, qubalılar. Bakı-2012.
- Şahin Fazil. Quba tarixi. Bakı-2016.
- https://modern.az/az/news/60478/professor-vaqif-arzumanli-vefat-etdi