Meşə təsərrüfatına qayğısızlıq bitki örtüyünün yanması ilə nəticələnən yanğınlara gətirib çıxarır. FHN DYNX-nin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən yanğın təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra zəruri tədbirlər barədə ShimalNews-a məlumat verib.
Meşə yanğınları daha çox insanların odla ehtiyatsız davranması və ya yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, meşədə yanğınların baş verməsinə şərait yaradan əsas səbəblərdən biri tonqallardır.
Tonqal qalayan zaman aşağıdakı qaydalara riayət etmək lazımdır:
- ağaclardan xeyli aralıda yer hazırlanmalıdır;
- ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün bel vasitəsi ilə çala qazılmalıdır;
- ehtiyatda olan yanacaq məhlulu alovdan 3-5 metr aralıda saxlanmalıdır;
- ehtiyac olmadığı halda çox hündür ocaq qalamaq lazım deyil;
- küləyin gücünə və istiqamətinə uyğun yandırmaq lazımdır.
Tonqalı söndürən zaman riayət etmək lazımdır:
- alov heç zaman nəzarətsiz qalmamalıdır;
- ərazini tərk edən zaman tonqal tam söndürülməli, üzərinə su atılmalı, sonra isə üstü torpaqla örtülməlidir;
- gedərkən tam əmin olmaq lazımdır ki, tonqal tam sönüb və sonradan alışma ehtimalı yoxdur.
Bir daha xatırladırıq, meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək üçün yanğın təhlükəsizliyi qaydalarına əməl etmək hər bir vətəndaşın borcudur.
Unutmayın: qaydalara biganəlik – həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin.