Quba rayonunun sakinləri meşə massivlərinin məhv edilməsinə etiraz edirlər. Bu barədə ShimalNews 15 mart tarixində “7 Times”a istinadən məlumat verir.
Xarovşa sakinləri yaşları çox olan ağacların yerli meşə təsərrüfatı idarəsi tərəfindən kəsilməsindən danışıblar. Onların sözlərinə görə, son zamanlar bu, intensiv hal alıb.
“Çox pisdir vəziyyət, yaşıllıq qorunmur, hələ idarə tərəfindən də qırılır. 100-150 illik ağaclar kəsilir və sex alverçilərinə satılır. Bir biletlə 5 maşını yola salırlar. Buna görə meşələrdə bulaqlar quruyur. İçməyə su yoxdur. Ekologiya nazirindən xahişimiz odur ki, bunun qarşısını almağa kömək eləsin”, – deyə sakinlər bildiriblər.
Kəndlilər deyirlər ki, bu günə kimi odun tədarük edərək evlərini isidiblər. Lakin meşələr bu hala düşməyib. İndi yerli camaata, hətta şəhid ailəsinə bilet satılmır, deyirlər ki, qurtarıb. Eyni zamanda isə avtomobillərlə ağaclar paytaxtda emal sexlərinə daşınır. Onlardan ən çox adı hallanan “Embawood” şirkətidir.
Sakinlər onu da əlavə ediblər ki, burada 150-dən çox ev var. Onlar da isinməlidir. Əgər kimsə icazəsiz atla meşədən ağac gətirsə, onu tutub aktlaşdırırlar. Sənəddə 10 ağac yazırlar, reallığı əks etdirməyən hesabatlar hazırlayırlar.