Novruz bayramı Azərbaycanda mənşəyi etibarilə ən qədim bayramlardan biridir. ShimalNews bayram ərəfəsində hazırlanan şirniyyatlar haqda məlumat verir.

Novruzda hər ocaqda nəsildən-nəslə ötürülən reseptlərə uyğun olaraq, xüsusi şirniyyatlar bişirilir. Bayram süfrələrinin bəzəyi olan paxlava, şəkərbura və qoğalın hansı mənaları daşıdıqlarını bəziləri bilmir. Bununla bağlı apardığımız araşdırmaları sizə də təqdim edirik.

Paxlava ulduz simvoludur və rombu xatırladır. Romb həyat ağacının mərkəzi elementidir və ana bətninə işarədir. Mərkəzinə yerləşdirilən fındıq, qoz içi isə ana bətnində olan uşağa işarədir. Digər tərəfdən, paxlava oyanmanı, sərt qış yuxusundan yaşamağa açılan gözü ifadə edir.

Şəkərbura firavanlıq rəmzidir. Qadınların maqqaşla şəkərburanın üzərinə vurduğu naxışlar sıx-sıx düzülmüş buğda sünbüllərini xatırladır. Şəkərbura həm də Ayın simvoludur. Şəkərburanın kənarındakı və üzərindəki naxışlar da ayın şüalarını xatırladır. Hava elementidir.

Qoğal – Günəşin rəmzidir. Günəşin və istiliyin simvolu kimi süfrəyə gətirilir. Od elementidir.

Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayramı növbəti nəsillərə ötürmək vətəndaşlıq borcumuzdur.