Qusarlıların Novruz ənənələri haqqında yaşlı nəslin danışdıqlarını ShimalNews oxucuları üçün toplayıb. Bu haqda məqaləni 14 mart tarixində təqdim edirik.
“Sovet dönəmində Novruzu gizli keçirirdilər. O vaxtlardan adətlərin çoxu unudulub”, – deyə qusarlı Aidə nənə danışıb.
Nənə onu da bildirib ki, yalnız Torpaq çərşənbəsi və Novruz bayramı günü təntənə ilə qeyd olunur. O vaxtlardan xalça üzərinə təzə süfrə salınaraq, yerdə oturub bayram qeyd olunurdu. Uşaqlar üçün təzə paltar alınıb geyindirilirdi.
Bayram günü kəndə pəhləvan və kosa gəlirdi. Biri kəndirdə məharətini və gücünü göstərirdi, digəri isə camaatı əyləndirirdi.
Kosa özünə məxsus qeyimdə olur. Onun paltarı rəngbərəng parçadan tikilir, başında buynuzlu papağı olur, üzü isə görsənmir. Onu bezdirənin və pul verməyənin üzünə un atır.
Novruz bayramından 1 gün əvvəl “üskük-şem” adlanan adət də mövcuddur. Hava qaralandan sonra şam və köhnə parçadan düzəldilən məşəl yandırılır. Hər kəs bunu eyni vaxtda edir və hər yan işıqlanır. Buna işıq gecəsi deyilir.
Eləcə də çərşənbə axşamı və bayramqabağı “яран чиле” adlanan bir adət var. Onu “Torpaq kəsdi” kimi tərcümə etmək olar. Hündür təpə kimi yerdə, kiçik tunel kimi keçid qazılır. İnsanlar onun içərisindən keçirlər. İnanca görə, bununla zəif uşaqların, sonsuz olan insanların ağırlığını torpaq alır.
Təntənə ilə qeyd olunan günlər Torpaq çərşənbəsi və bayram axşamıdır.