XX əsrin əvvəllərində daşnak-bolşevik qüvvələri Azərbaycanda, həmçinin Quba qəzasında bir neçə döyüş həyata keçirir. Bu döyüşlərdə ağır itkilər verən daşnaklar və bolşeviklərin hərbi qüvvələrinə kömək üçün buraya Qızıl Ordu dəstələri göndərilir. Milli istiqlal hərəkatının fəal iştirakçıları Möhübəli əfəndi Kuzunvi və Hatəm ağa Cağarvi Quba qəzasının Aldaş adlı düzündə onların qarşısını kəsməyi və qəzaya buraxmamağı qərara alırlar.
Bu məsələ Vladimir İliç Lenini narahat edir və o, işləri qaydaya qoymaq üçün dövlət xadimi Nəriman Nərimanova bununla bağlı tapşırıq verir. 1920-ci ildə Nərimanov 27 əsgərlə Qusarın Hil kəndinə gəlir. Beşgünlük danışıqlardan sonra qaçaqlara və yerli əhaliyə söz verilir ki, onlara qarşı heç bir güc tətbiq edilməyəcək. Buna inanan Möhübəli əfəndi və Hatəm ağa öz dəstələrini qeriyə çəkirlər.
Buna baxmayaraq, bolşeviklər antisovet əhvali-ruhiyyəsinə görə Quba qəzasının yerli əhalisindən qisas alırlar. Bu məqsədlə onlar 1920-ci ildə Quba qəzasına 5000 dən çox əsgər göndərirlər. 1921-ci ilin iyulunda Daxili İşlər Komissarlığının daha bir neçə dəstəsi qəzaya gəlir.
Yerli əhali yenidən etiraz bildirəndə bolşeviklər Kuzun kəndinin sakinlərinin hərəkatını “Kuzun əks-inqilabı”, Quba qəzasının, indiki Qusar rayonunun Əniq, Kuzun, Zindanmuruq, Çətkün, Caqar, Yuxarı Ləgər, Suvacal, Xuray və Laza kəndlərini isə “qiyamçı nahiyə” adlandırırlar.
Hatəm ağa və Möhübəli əfəndi yenidən dəstələr toplayaraq, həmin kəndləri bolşeviklərdən azad edirlər, 25-26 avqust 1921-ci ildə ikinci dəfə Qusarın Zindanmuruq kəndi yaxınlığında bolşeviklərlə döyüş başlanır. Hatəm ağa və Möhübəli əfəndi onların 300-dən çox əsgərini əsir götürərək, tərksilah edirlər. Buna görə bolşeviklərin köməyinə əlavə dəstə göndərilir.
Möhübəli əfəndinin, Şıxlar kəndi bəylərinin və Kazim əfəndinin bilavasitə başçılıq etdiyi 200 nəfərdən ibarət atlı və piyada dəstə hər tərəfdən bolşeviklərə pusqu düzəldir. Onlar bolşeviklərin hərbi dəstəsini yenidən mühasirəyə alaraq, onları pulemyot atəşinə tuturlar.
Nəticədə daşnak-bolşevik qüvvələrindən 22 nəfər əsgər, 1 nəfər milis həlak olur, 5 nəfər isə yaralanır. Üsyançılardan isə 2 nəfər əsir alınır. Avqustun 27-də dəstənin sağ qalmış döyüşçüləri kəndlilərin müşayiəti ilə Qusara qayıdırlar.
İstinad edilən mənbələr:
- Azərbaycan xalq cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi. -2018.-№74-75-76.- S.210-214.
- Məşhur ləzgilər haqqında bilmədiklərimiz.-Samur qəzeti.-29.03.2007.-səh.3.
- Müzəffər Məlikməmmədov. Qanlı Dərə. Bakı-2019.
- Şahin Fazil. Quba tarixi. Bakı-2016.