Xaçmaz hərbi dəstəsi Xalq Cümhuriyyətinin hərbi naziri general Səməd bəy Mehmandarovun əmri ilə 1919-cu ilin yayında yaradılmış xüsusi taktiki qrup olub. Onun yaranma məqsədi şimaldan gözlənilən rus hərbçi Anton Denikinin hücum təhlükəsinin qarşısını almaq idi.
Xaçmaz hərbi dəstəsinə Quba piyada alayı, 3-cü Gəncə piyada alayının bir taboru, 1-ci Tatar süvari alayı, 1-ci topçu briqadasının 2-ci divizionu və İstehkam məktəbinin şəxsi heyəti daxil idi.
1919-cu ilin iyulunda Xaçmaz dəstəsinə rəhbərliyi Quba piyada alayının komandiri, polkovnik Şirin bəy Kəsəmənliyə tapşırdılar. Beləliklə, Birinci Tatar süvari alayı istisna olmaqla, digər hissə və bölmələr polkovnik Şirin bəy Kəsəmənlinin əməliyyat tabeliyinə verildi. Bundan əlavə, general-mayor İbrahim ağa Usubov dəstənin komandiri, general-kvartirmeyster vəzifəsinin müvəqqəti icraçısı, podpolkovnik Zeynalov qərargah rəisi təyin edilmişdir.
1919-cu ilin noyabrında Xaçmaz dəstəsi ləğv edilərək, onun bazasında Quba hərbi dəstəsi yaradıldı, polkovnik Kəsəmənli bu dəstənin komandiri təyin edildi. O, eyni zamanda Qusar qarnizonunun rəisi təyin olundu. Quba qəzasında olan bütün hissələr bu dəstənin tərkibinə daxil idi. Bununla əlaqədar olaraq şimal sərhədlərinin qorunması ilə bağlı vəzifələr Quba dəstəsinə həvalə olundu.
İstinad edilən mənbələr:
- Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. II cild. Bakı-2005.
- Mehman Süleymanov. Azərbaycan ordusu (1918-1920). Bakı-1998.