Quba-Xudat yolunun bir hissəsi yenidən yararsız hala düşüb. Bu haqda ShimalNews 11 mart tarixində Real TV-yə istinadən məlumat verir.
Daha öncə magistralın Vladimirovka və Ağbil kəndlərinin ərazisindən keçən hissəsindəki çala-çuxurların asfaltla doldurulub hamarlama işləri aparılması haqqında məlumat vermişdik.
Sakinlər bildirirlər ki, bundan sonra yağış yenidən həmin çalaların yaranmasına şərait yaradıb. 50 il ərzində burada əsaslı təmir işləri aparılmayıb.
Nəqliyyat vasitələrinin intensiv hərəkəti burada 24 saat ərzində müşahidə olunur. Hətta Rusiya istiqamətində hərəkət edən yük avtomobilləri də bu yoldan istifadə edir.
Adıçəkilən magistral 40 km-dir. Onun 20 km-i bir neçə il öncə əsaslı şəkildə təmir edilib. Yerdə qalan hissənin nə zaman yenilənəcəyi haqda AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib:
“Sözügedən avtomobil yolu yenidən qurulması nəzərdə tutulan avtomobil yollarının siyahısına daxil edilib. Yaxın gələcəkdə həmin avtomobil yolu dövlət proqramına daxil edilərək, icrası nəzərdə tutulur.”