Xaçmaz rayon Mədəniyyət Mərkəzində Azərbaycan Teatrının 150 illik yubileyi qeyd olunub. Bu barədə ShimalNews 10 mart tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
10 Mart – Milli Teatr Günü münasibətilə tədbir keçirilib. İlk növbədə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. Sonra İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sənət adamlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
İştirakçılara bildirilib ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü əsasında 1873-cü ilin mart və aprel aylarında teatrın təməli qoyulub. Bakıda Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Hacı Qara” komediyaları səhnələşdirilib. Bununla təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində dünyəvi peşəkar teatr yaranıb.
Sonda yaradıcı heyətə Xaçmaz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və xatirə hədiyyələri təqdim olunub.