Son günlər sosial şəbəkələrdə məşhurlaşan Xınalıqdan olan 13 yaşlı yeniyetmənin kimliyi məlum olub. Bu barədə ShimalNews 9 mart tarixində Qafqazinfo-ya istinadən məlumat verir.

İbrahim Zeynalov 6-cı sinif şagirdidir. Yeniyetmənin babası Yunis Dəmirov bildirir ki, İbrahim bütün fənləri yaxşı oxuyur, lakin ingilis dilinə xüsusi sevgisi var. Məktəbli indiyə kimi bir çox olimpiadalarda iştirak edib və qalib olub.

“Həmin video polşalı turist tərəfindən ötən ilin ya oktyabr, ya da noyabr aylarında çəkilib. Biz də polyak turist paylaşım edəndən sonra görmüşük. Nəvəm təkcə ingilis dilini bilməklə kifayətlənmir, həmçinin bütün fənləri yaxşı bilir. Bu cür şagirdlərimiz məktəbdə kifayət qədərdir. Onun ingilis dilinə həvəsi çoxdur, bu dildə sərbəst danışır. Həmçinin atasının işi elədir ki, daim qonaq-qarası olur. İbrahimin ingilis dilinə meyilliliyi də elə valideyninin işi ilə bağlıdır. Bizim məktəbimizdə çox yaxşı ingilis dili müəllimlərimiz var. Rayon üzrə ən yüksək bal toplayan ingilis dili müəllimlərinin ikisi də bizim məktəbdədir. Onlar da uşaqlara bacardıqları qədər kömək edirlər. Dağlıq ərazi olmasına baxmayaraq, uşaqlarda ingilis dilinə çox maraq var”, – Xınalıq Kənd İnternat tam orta məktəbinin direktoru Dəmirov söyləyib.

Balaca qubalının ingilis dilində əcnəbi qonaqla ingiliscə söhbəti ilə bağlı paylaşım etmişdik.