Quba bazarında işləyən Zöhrə Şahpələngli boş vaxt tapan kimi orada kitab oxuyur. Bu barədə ShimalNews 9 mart tarixində sosial şəbəkələrdə yayılan görüntülərə istinadən məlumat verir.
64 yaşlı Zöhrə çoxuşaqlı ailədə dünyaya gəlib. Vaxtı ilə ali təhsil almaq imkanı olmasa da, o kitablardan da əl çəkməyib. Yaşadığı və qonşu kəndlərin kitabxanalarına üzv olub. İndi bəzi kitabları özü alır, bəzilərini isə ona hədiyyə edirlər.
Ağbirçək kitabsevər ədviyyatlar, toxumlar, özünün hazırladığı bitki və şirələri satır. O, elə qazancının olmasını arzulayır ki, təzə çıxan kitabları ala bilsin. Piştaxtanın üstündə onun oxuduğu ədəbiyyat da var:
“İndi çoxları telefonla internetə qoşulur, telefonlara baxır. Bu pis deyil, müasir dövrdə yaşayırıq. Mən çox cavana tövsiyə edirəm ki, nə qədər belə şeylər çıxsa da, telefon çıxsa da, internet çıxsa da, yəni bu kitab əbədidir. Kitab bizə hər şey verir”, – deyə Zöhrə bildirib.