Xaçmazın Pərdiqıran kəndində yaşayan Mənsurə nənənin 100 yaşı var. Bu barədə ShimalNews 8 mart tarixində Azərtac-a istinadən məlumat verir.
Mənsurə Nəzərova 1923-cü ilin fevral ayında Şabranın Gələgah kəndində dünyaya gəlib. Valideynləri vaxtsız həyatdan köçdüyündən o, bacısı ilə birlikdə çətin günlər yaşayıb:
“16 yaşım olanda Samur-Dəvəçi kanalının tikintisində (1939-1940-cı illər) fəhlə işləmişəm. Həmin su kanalı əl əməyi ilə qazılıb. Kişilərlə bir yerdə fəhləlik edirdim. Xərəkdə torpaq daşıyırdım. İki il orada işlədim. Yaxşı işlədiyimə görə mənə 10 kiloqram qənd, 10 metr də parça mükafat vermişdilər. Sonradan sovxozda çalışmışam. Ot biçmişəm, xırmanda dən döymüşəm, baramaçılıqla da məşğul olmuşam. Ömrüm boyu ağır işlərdə işləmişəm”.
M.Nəzərova 1950-ci illərdə Xudata işləməyə gəlib. Ailə qurduqdan sonra Pərdiqıran kəndində yaşamağa başlayıb. Artıq onun 1 övladı, 4 nəvəsi, 11 nəticəsi və 2 kötükcəsi var.
Nənənin gəlini Kövsər Nəzərova deyir ki, o, nəticələrini çox istəyir və hamısını tanıyır. Gözləri görür, amma zəif eşidir. Yeməklərdən dolma və bozbaşı xoşlayır, daha çox isə süd məhsulları yeyir.
Bütün bayramlarda Nəzərovlar ailəsi 100 yaşlı Mənsurə nənənin ətrafında toplaşır. O isə hər bir nəvəsinin, nəticəsinin işləri və təhsili ilə ayrıca maraqlanır.