Qubada meşə massivlərinin naməlum şəxslər tərəfindən məhv edilməsi davam edir. Bu barədə ShimalNews 8 mart tarixində “7 Times”a istinadən məlumat verir.
Sakinlərin müraciəti əsasında Vəlvələ kəndi ərazisində çəkiliş aparılıb. Burada yüzlərlə palıd və vələs ağacı qırılaraq məhv edilib.
Vətəndaşların sözlərinə görə, onlar meşə gözətçilərinə bununla bağlı dəfələrlə etiraz ediblər. Lakin bunun qarşısı alınmayıb və dəfələrlə idarə əməkdaşları ilə kənd sakinləri arasında insident yaşanıb.
Kəndlilər onu da əlavə ediblər ki, qanunsuz kəsilən ağacları aşkar etdikdə meşəbəyidən həmin odunların məktəbə verilməsini istəyiblər. Bundan savayı, şəhid ailələri, qazilər, kimsəsizlər də yararlana bilərdi. Lakin odun Bakıda yerləşən şirkətə verilib. Meşə idarəsi isə bunu inkar edib və müəssisə ərazisinə gətirildiyini deyib.
Dağətəyi ərazilərdə isə bu, daha kütləvi halda müşahidə olunur. Xaroşa, Qorxmazoba, İsnov və digər ancaq texnika vasitəsilə gedib çatmaq mümkün olan yerlərdə pip və vələs ağacları məhv edilib. Vəlvələ ərazisinin 5-ci dolayına aid meşə təsərrüfatının və digər yerlərin görüntülərini oxuculara təqdim edirik.