Mədəniyyət nazirinin birinci müavini Xaçmaz, Qusar və Quba rayonlarında olub. Bu haqda ShimalNews 7 mart tarixində quruma istinadən məlumat verir.

Nazir vəzifəsini icra edən Adil Kərimli regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyəti ilə yerində tanış olub.

Xaçmaz rayonundakı Heydər Əliyev Mərkəzinə, uşaq musiqi və incəsənət məktəblərinə, muzey və klublara, kitabxanalara baxış keçirilib. Yaradılan şəraitdən səmərəli istifadə olunması, nəticəyönümlü fəaliyyət və işin müasir tələblər səviyyəsində qurulmasının vacibliyi diqqətə çatdırılıb.

Qusar rayonunda Uşaq İncəsənət məktəbi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və onun 43 kənd və qəsəbə kitabxana filialları, Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi, eləcə də 14 Mədəniyyət evi və 38 klub fəaliyyət göstərir. Rayondakı mədəniyyət müəssisələrinin bir qismi və tarixi irsimizi əks etdirən tikililərə baxış keçirilib. Əniq kəndi ərazisindəki XIII əsrə aid qala divarlarının qalıqları və məscidə də baxış keçirilib.

Quba Heydər Əliyev Mərkəzindəki təmir işlərinin gedişatı ilə maraqlanılıb, Yaşıl teatr və Bayraqlar muzeyinə, eləcə də “Günbəzli hamam”a baxış keçirilib. XVIII-XIX əsrlərə aid edilən hamamın tanıdılması və mühafizəsinin təşkili ilə bağlı müvafiq göstərişlər verilib.