Qız Bənövşə bulağı Quba rayonunda yerləşir. Bulaq haqqında bir rəvayət mövcuddur.

Rəvayətə görə, keçmişdə imkanlı bir kişinin Bənövşə adında qızı var idi. Bənövşə imkanlı ailədən olmasına baxmayaraq, heç kimə yuxarıdan aşağı baxmaz, hamını bir gözdə görərdi. Kişinin sayı-hesabı bilinməyən qoyunlarını Yetim adlı bir çoban otararmış. Yetim fərasəti, qoçaqlığı və sədaqəti ilə kişinin hörmətini qazanmışdı. Bu gənc Bənövşəyə vurulur, Bənövşə, həmçinin Yetimi sevir.

Onlar həmişə bulaq başında görüşərdilər. Bənövşə Yetimdən əvvəl gələr, boynunu büküb sevgilisinin yolunu gözləyərdi. Bir gün kişi xəbər tutur ki, onun qızı Yetimlə görüşür. Bunu eşidən kişi və onun oğulları qulaqlarına inanmırlar. Buna görə onlar qızı güdməyə başlayırlar.

Bir gün Bənövşə bulaq başına tələsir. Kişi isə gizlincə qızı təqib etməyə başlayır. Bənövşə bulaq başına çatıb, boynubükük halda sevgilisinin yolunu gözləyir, lakin Yetim gəlib çıxmır. O, dərdli-dərdli bir bayatı deyir.

Bayatı bütün kəndə səs salır. Kişi Bənövşənin məhəbbətinin səsini kəsməyə çalışır, çünki Bənövşənin səsini vaxtında kəsməsələr, hamı bu məhəbbətdən xəbərdar olacaqdı. Bu da kişi üçün ölümdən betər idi. Bu ara Yetim özünü sevgilisinə yetirir. Onlar sarmaşıq kimi bir-birinə sarılırlar. Həmin vaxt kişi çox qəzəblənir.

Gizləndiyi yerdən çıxıb oğlanları ilə birlikdə doğma qızı Bənövşəni xəncərlə qətlə yetirir. Aşiqlər qana bürünürlər. Yetim bu amansızlığa dözə bilmir, xəncəri çıxardıb ürəyinə saplayır.

Sakinlər Bənövşənin meyitini Ağaya vermirlər. Onları bulağın başında dəfn edirlər. Hər il yaz gələndə Bənövşənin qəbri üstündə, aşiqlərin qanı tökülən yerdə boynu bükülü bir çiçək açır, məhəbbəti kimi ömrü az olur, dörd-beş gündən sonra solur.

Xalq bu çiçəyə iki gəncin nakam məhəbbətinin rəmzi olaraq, Bənövşə adı verir. Bulağa isə Qız Bənövşə bulağı deyirlər.

Xalq rəssamı Səttar Bəhlulzadə bulağın təsvirini “Qız Bənövşəyə gedən yol” tablosunda verib. Rəssam bu əsəri 1953-cü ildə Quba rayonunda yaradıcılıq ezamiyyətində olarkən etüd formasında yaradıb. Tablo hazırda Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət muzeyində saxlanılır.

İstinad edilən mənbələr: