Qubanın Dəvədabanı yaşayış massivində yolun daralması sakinlər arasında narazılıq yaratmışdı. Bu barədə ShimalNews 1 mart tarixində Real TV-yə istinadən məlumat verir.
Buradan keçən yolun sağ hissəsi Vidadi Əhmədov adlı şəxs tərəfindən çəpərlənmişdi. Nəticədə yolun hərəkət hissəsi daralmış və piyadalar üçün olan səki təmamilə zəbt edilmişdi.
Sakinlər uşaqların məktəbə gedə bilmədiyini və avtomobillərin burada dəfələrlə qəzaya düşdüyünü bildiriblər. Üstəlik özünü yerin sahibi kimi təqdim edən şəxsin qanuni şəkildə əldə etdiyi sənədləri yox imiş.
Vidadi Əhmədov torpağı qanuni alması və tikintiyə icazəsinin olduğu barədə ətrafdakılarla yüksək səslə danışıb.
Məsələ ilə bağlı İH-nin və şəhər bələdiyyəsinin sədri əraziyə gələrək araşdırma aparıblar. Məlum olub ki, mülkiyyətə dair sənəd yoxdur və tikinti icazəsiz aparılır. Bu səbəbdən tikinti dayandırılıb.
Quba RİH-nin rəsmiləri onu da bildirdilər ki, bu ərazi sürüşmə zonasıdır və hər hansı tikinti işinin aparılması, ümumiyyətlə, uyğun deyil.