Mircəfər Bağırov Üzeyir Hacıbəyovun sənətinə və şəxsiyyətinə ehtiramla yanaşırdı. Bunu sübut edən bəzi faktlar mövcuddur.
Mircəfər Bağırov Üzeyir bəyin “Koroğlu” operasını və “Arşın mal alan” operettasını əzbərdən bilirdi. Özü bu barədə Üzeyir bəyə belə demişdi: “Hər iki operanızı çox sevirəm və əzbərdən bilirəm”. Həmçinin Üzeyir Hacıbəyovun 60 illiyi münasibətilə təltif edilməsi, təntənəli yubileyinin keçirilməsi və onun “Arşın mal alan” operettası əsasında filmin çəkilməsində Mircəfər Bağırovun rolu olmuşdur.
1930-cu illərdə 59 tanınmış ziyalının repressiyaya düşməsi barədə “NKVD”yə təqdim olunan siyahısında Üzeyir bəyin də adı var idi. Lakin Mircəfər Bağırov bundan xəbər tutaraq, siyahını məhv etmişdir.
1945-ci ilin sentyabrında Bağırov işçiləri ilə birlikdə olan zaman: “Bu gün Üzeyir bəyin anadan olan günüdür, özü də xəstədir, bağındadır. Gedək, onu təbrik eləyək” – demişdi. Onlar evə yaxınlaşan vaxt Üzeyir bəyin həyat yoldaşı Məleykə xanım ona belə səsləndi: “Üzeyir, qonaqlar gəlib”. Üzeyir bəy həyətə çıxdı, əynində xalat olduğuna görə, istədi geri qayıdıb, paltarını dəyişsin. Lakin Bağırov qoymadı. O, cəld yaxınlaşıb, Üzeyir bəyi qucaqlayıb, əlini sıxıb: “Səni ad günün münasibəti ilə təbrik etməyə gəlmişik” – dedi.
Üzeyir Hacıbəyov Mircəfər Bağırova yazdığı məktubunda bu görüşü yada salırdı. Məktubda belə deyilirdi: “Əziz, çox möhtərəm Mir Cəfər! Sizinlə Mərdəkanda məni son dərəcə həyəcanlandıran görüşün unudulmaz təəssüratı altında mənə daimi, ürəkdən gələn diqqətiniz üçün Sizə hədsiz təşəkkürümü ifadə etməyə söz tapmıram…”.
Məktubda Üzeyir Hacıbəyovun səhhətinin ağırlaşması və Mircəfər Bağırovun ona kömək etməsi haqda belə deyilib: “Moskva ətrafında və burada müalicə zamanı Sizin mənə göstərdiyiniz səmimi qayğını hiss edirdim. Sizə sadiq olan Üzeyir Hacıbəyov”. Buna səbəb isə Bağırovun Səhiyyə Nazirliyinə verdiyi göstərişə əsasən, Üzeyir bəyə ciddi nəzarət olunması ilə bağlı konsiliumun keçirilməsi idi.
Buna baxmayaraq, Üzeyir Hacıbəyov 23 noyabr 1948-ci ildə vəfat edib. Mircəfər Bağırov isə onun tabutunu daşıyıb, Üzeyir bəyi son mənzilə yola salmışdır.


İstinad edilən mənbələr:
- Sadıq Murtuzayev. XX əsrin Mircəfər Bağırov fenomeni. Bakı-2018.
- Teyyub Qurban. Düşmənlərindən güclü şəxsiyyət. Bakı-2006.
- Fazil Məmmədov. Mir Cəfər Abbas oğlu Bağırov. Bakı-2007.
- Manaf Süleymanov. Son bahara çatdıq. Bakı-1996.