İmperator III Aleksandr adına Bakı kişi gimnaziyasının Qusar kənd təsərrüfatı koloniyası Qusar şəhərində, indiki Qusar Peşə Liseyinin ərazisində, Qazı Məmməd küçəsi, 116-da yerləşib. Bu koloniya 1898-ci ildə yaradılıb.
Koloniyanın yaranma məqsədi gimnaziya tələbələrinin burada yay aylarında kənd təsərrüfatı ilə bağlı təcrübələrini keçməsi idi. Qusar koloniyasında Şamaxının “Müqəddəs Nina” məktəbinin şagirdləri də qalıblar. Koloniyada tələbələr səmərəli istirahət, oyunlar, açıq havada idman, sağlam qida ilə təmin olunurdular.
Burada tələbələri, həmçinin ekskursiyaya aparırdılar. Bununla bağlı 1902-ci ilin “Kaspi” qəzetində belə bir qeyd var idi: “…Koloniyanın tələbələri Qusardan Şahdağa piyada ekskursiya etdilər. İyulun 6-da əksəriyyəti 5,6,7-ci siniflərdən və 40 tələbədən ibarət qrup idi…”.
Koloniya Qusarda yeni bağların salınmasına təsir göstərmişdir. Burada xarici ölkələrdən gətirilmiş alma, armud və başqa yeni meyvə sortları yetişdirilirdi. İndiki Quba-Qusar bağlarının bir çox alma və armud sortları ilk dəfə Qusar bağlarında əkilmişdir. Onlar buradan bütün Azərbaycana və Dağıstana yayılmışdır. Bu koloniya, həmçinin Rusiyanın Moskva şəhərində məşhur olmuşdur.
1901-ci ildə burada təkcə almanın 16 yerli sortu yetişdirilmişdir. Bundan başqa, koloniyada 12 armud, 11 gilas, 17 gavalı sortu əkilmişdir.
Koloniyanın istixanalarında qışda müxtəlif tərəvəz məhsulları becərilirdi və 300 növ çiçək əkilirdi. Bundan başqa, koloniyada 1000-dən artıq ördək, qaz və toyuq saxlanılırdı.
Rayonun kənd təsərrüfatı sahəsində nailiyyətlər bu koloniyanın yaranması səbəbindən olmuşdur. Həmçinin o zaman burada ərzaq bolluğu olduğuna görə, Qusar bazarı Qafqazın ən ucus bazarı hesab olunurdu.
Burada 1900-cü ildə tələbələrin sayı 128 nəfər, 1901-ci ildə isə 131 nəfər təşkil edib.
İmperator III Aleksandr adına Bakı kişi gimnaziyasının Qusar kənd təsərrüfatı koloniyası 1903-cü ildə fəaliyyətini dayandırmışdır.
İstinad edilən mənbələr:
- Sədaqət Kərimova. “Qusar, qusarlılar”. Bakı- 2011.
- Ежегодник. Сельско-хозяйственной колонии при Бакинской Императора Александра III мужской гимназии. Отчет за 1900 и 1901 годы. Москва-1902.
- https://e-qanun.az/framework/24795
- https://vet.edu.gov.az/az/centers/62